Azərbaycan qədim insan məskənlərindən biri kimi zəngin tarixi və geniş mədəni irsə malikdir. Qayaüstü rəsmlər, memarlıq abidələri, incəsənət və sənətkarlıq nümunələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkarlanan tapıntılar ölkənin qədim dövrlərə gedib çıxan zəngin mədəni irsindən xəbər verir. Qarabağda yerləşən ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrinə Laçındakı VI əsrə aid Alban Ağoğlan monastırı, XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddəki IV əsr Alban Amaras monastırı və digər Alban məbədləri, Xocalıda XVIII əsrin Əsgəran qalası, XIV əsrin türbələri, Kəlbəcərdə VI əsrin Müqəddəs Yaqub monastırı, XIII əsrin Xatirəvəng monastırı, Lex qalası və bir çox digər tarixi abidələr daxildir. Qarabağın tarixi abidələrinin ermənilər tərəfindən dağıdılması mədəni və mənəvi irsimizə qarşı yönəlmiş bir hücumdur. İşğal dövründə Qarabağın zəngin tarix-memarlıq irsi ciddi zərər görmüş, bir çox abidələr yandırılmış, dağıdılmış, talan edilmiş və ya baxımsızlıq səbəbindən yararsız hala düşmüşdür. Bu abidələr sırasında Xocavənd rayonunda yerləşən məscidlər, ziyarətgahlar, türbələr və digər tarixi-dini tikililər yer alır. Qarabağın işğaldan azad edilməsi bizə həmin ərazilərdəki tarixi-memarlıq irsinin indiki vəziyyətini tədqiq etmək və onların bərpası üçün tədbirlər görmək imkanı yaradır. Bu abidələrin bərpasına başlamazdan əvvəl onların ilkin görkəmini, tarixi əhəmiyyətini və funksiyasını anlamaq vacibdir. Bu tarixi abidələrin qorunması və bərpası Azərbaycanın mədəni irsinin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Xocavənd, restavrasiya, tarixi abidələr, erməni təcavüzü