Abstract


Server Bek Atabekov-Koblianly (Osman Server Bey Atabek) (1886-1962) in the Lıght of New Research

Sərvər bəy Atabəyov-Koblianlı (Türkiyədə: Osman Sərvər bəy Atabəy) (1886-1962) XX yüzilin ilk yarısında Güney Qafqazın ictimai-siyasi tarixində önəmli rol oynayıb. Bu məruzə Azərbaycan tarixşünaslığında onun həyat və fəaliyyəti haqqında ilk elmi araşdırmadır. Axıskada 25 iyul (6 avqust) 1886-cı ildə doğulmuş və İzmirdə 13 dekabr 1962-ci ildə dünyasını dəyişmiş Sərvər bəy 1267-ci ildən bəri Axıskada elbəyilik edən Atabəylərin Altunqala / Koblian qolundan Süleyman bəy oğlu Rağıb bəy oğlu Əli bəy oğlu Feyzullah bəyin oğludur. Anası isə Sankt-Peterburq Universiteti Şərq dilləri uzmanı Ufalı professor Hüseyn əfəndi Feyzxanovun qızı Zeynəb xanımdır. İlk təhsilini Azərbaycanın görkəmli maarif xadimi Axıskalı Ömər Faiq Nemanzadədən alıb, sonra Rusiya, Almaniya və Polşada ali təhsil alaraq 1916-cı ildə vətənə dönüb. Rusiyada 1917-ci il Fevral inqilabından sonra erməni və gürcülərin hücumlarından qorunmaq üçün Azqur, Axalkələk, Axıska, Hırtız və Koblıyan ilçələrində milli təşkilat quraraq yerli türklərə başçılıq edib. 1918-də Ərdahan sancağından Güney Qafqaz Seyminə deputat seçilib. 1919-un martının başlarında Axıskanı işğal edən gürcülərə qarşı bölgə əhalisini təşkilatlandıraraq və Xalid paşadan da dəstək alaraq silahlı mücadiləyə girişib, gürcü qüvvələrini Axıska və Azqurdan çıxararaq Borjoma çəkilməyə məcbur edib. I dönəm Türkiyə Böyük Millət Məclisinə Ərdahan millət vəkili olaraq qatılıb. Kazım Qarabəkir paşanın çox yaxın dostu olub. Sərvər bəyin haqqında Türkiyədə ən geniş və dəyərli yazını Prof. Dr. Fəxrəddin Kırzıoğlu yazıb. Onun məqaləsi, demək olar ki, bütün sonrakı yazılara qaynaq olub. Biz bu məruzədə Sankt-Peterburq arxivində üzə çıxardığımız bəlgələrdən, Azərbaycan və Türkiyə tarixçilərinin diqqətdən kənarda qalmış əsərlərindən və bir sıra başqa qaynaqlardan yararlanmış, mövcud araşdırmalardakı bir sıra yanlışları düzəltmişik.



Keywords

Sərvər bəy Atabəyov-Koblianlı (Osman Sərvər bəy Atabəy), Güney Qafqaz, Azərbaycan, Axıska, Türkiyə.


Kaynakça